Əşyaların İnterneti (IoT) üzrə mütəxəssis
IoT (Internet of Things – Əşyaların İnterneti) mütəxəssisi internetə və ya digər şəbəkələrə qoşulan ağıllı cihaz və sistemlərin hazırlanması, quraşdırılması və idarə olunması ilə məşğul olan texnologiya mütəxəssisidir.
Bu mütəxəssislər sensorlar, ağıllı cihazlar, proqram təminatı və şəbəkə texnologiyalarını bir sistem daxilində birləşdirərək cihazların məlumat toplamasını, bir-biri ilə əlaqə saxlamasını və müəyyən prosesləri avtomatik həyata keçirməsini təmin edirlər.
IoT texnologiyalarından ağıllı evlərdə, istehsalatda, kənd təsərrüfatında, nəqliyyatda, energetikada və bir çox başqa sahələrdə istifadə olunur.
Əsas vəzifələr
Nə iş görür?
- IoT cihaz və sistemlərini layihələndirmək və qurmaq, sensor, kontroller və digər elektron komponentləri sistemə inteqrasiya etmək.
- Cihazların internet və digər rabitə şəbəkələrinə qoşulmasını və bir-biri ilə düzgün məlumat mübadiləsi aparmasını təmin etmək.
- IoT cihazları üçün proqram təminatının hazırlanmasını, məlumatların toplanması və emalı proseslərini həyata keçirmək.
- IoT sistemlərinin işləməsini izləmək, yaranan texniki problemləri müəyyən etmək və onların aradan qaldırılması üçün həllər tətbiq etmək.
- IoT cihazlarının və ötürülən məlumatların təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görmək.
İşin əhəmiyyəti
Niyə vacibdir?
- Cihaz və sensorları bir-birinə bağlayaraq gündəlik proseslərin avtomatlaşdırılmasını təmin edirlər.
- İnternetə qoşulan cihazları və onların topladığı məlumatları kiberhücumlardan qoruyurlar.
Bilik və bacarıqlar
Nə bilmək lazımdır?
- Kompüter şəbəkələri, elektronika və mikroprosessor sistemlərinin əsas iş prinsipləri haqqında biliklər.
- Proqramlaşdırma və IoT sistemlərində istifadə olunan proqram təminatı haqqında biliklər.
- Simsiz rabitə texnologiyaları və cihazlar arasında məlumat ötürülməsi prinsipləri haqqında anlayış.
- Məlumatların toplanması və emalı, eləcə də IoT cihazlarının kibertəhlükəsizliyi haqqında əsas biliklər.
- Texniki problemləri müəyyən etmək, təhlil etmək və uyğun həll yolları tapmaq bacarığı.
- Analitik düşüncə, diqqətlilik, öyrənməyə açıqlıq və komandada işləmək bacarığı.
Təhsil imkanları
Haradan başlamaq olar?
IoT sahəsində fəaliyyət göstərmək üçün informasiya texnologiyaları, kompüter mühəndisliyi, elektronika mühəndisliyi, telekommunikasiya, avtomatlaşdırma və digər əlaqəli istiqamətlər üzrə təhsil almaq mümkündür.
Təhsil zamanı proqramlaşdırma, elektronika, kompüter şəbəkələri, mikroprosessorlar, sensor sistemləri, verilənlər bazası və avtomatlaşdırma kimi istiqamətlər üzrə əldə edilən biliklər IoT sahəsində işləmək üçün uyğun baza yaradır.
Bu peşədə praktiki təcrübə xüsusi əhəmiyyət daşıyır. Sadə sensor və mikrokontroller layihələrinin hazırlanması, ağıllı ev sistemlərinin qurulması və müxtəlif cihazların internet üzərindən idarə edilməsi kimi layihələr gələcək mütəxəssisin bacarıqlarını inkişaf etdirməsinə kömək edir.
Gələcək imkanlar
Sonra nə olur?
IoT mütəxəssisləri informasiya texnologiyaları, telekommunikasiya, istehsalat, energetika, logistika, kənd təsərrüfatı və nəqliyyat kimi müxtəlif sahələrdə fəaliyyət göstərə bilərlər.
Ağıllı ev və bina sistemləri, sənaye avtomatlaşdırılması, ağıllı şəhər texnologiyaları, ağıllı kənd təsərrüfatı və nəqliyyat sistemləri üzrə ixtisaslaşmaq mümkündür.
Təcrübə və ixtisaslaşmadan asılı olaraq IoT mühəndisi, IoT sistemlərinin layihələndirilməsi və arxitekturası üzrə mütəxəssis, texniki layihə rəhbəri və digər əlaqəli istiqamətlərdə karyera inkişaf etdirmək mümkündür.
Peşənin inkişaf yolları
- IoT mühəndisi
- Ağıllı ev və bina sistemləri
- Sənaye avtomatlaşdırılması
- Ağıllı şəhər texnologiyaları
- Texniki layihə rəhbəri
Bilirdinizmi? Müasir bir binada minlərlə IoT sensoru ola bilər. Bu sensorlar binadakı müxtəlif proseslər haqqında məlumat toplayaraq ağıllı sistemlərin işləməsinə və real mühitdə baş verən dəyişikliklərin izlənilməsinə imkan yaradır.
Mənbə: National Institute of Standards and Technology (NIST), Security and Trust Considerations for Digital Twin Technology (NIST IR 8356), 2025.