PeşəFest
Bütün peşələr
Geyim modelləri yaradan və onların görünüşünü formalaşdıran

Geyim üzrə dizayner

Geyim üzrə dizayner müxtəlif növ geyimlərin görünüşünü, formasını və ümumi üslubunu yaradan yaradıcı mütəxəssisdir. Dizayner geyim modeli hazırlayarkən onun yalnız estetik görünüşünü deyil, rahatlığını, funksionallığını və istifadə məqsədini də nəzərə alır.

Bu peşə yaradıcılıqla texniki biliklərin birləşdiyi sahələrdən biridir. Geyim üzrə dizayner ideyanın və eskizin hazırlanmasından parça və rəng seçiminə, ilk nümunənin qiymətləndirilməsindən hazır məhsulun son görünüşünədək müxtəlif mərhələlərdə iştirak edə bilər.

01

Əsas vəzifələr

Nə iş görür?

  • Geyimin modelinə, mövsümə və istifadə məqsədinə uyğun parça, rəng, naxış və digər materialları seçmək.
  • Yeni geyim modeli/ideyası yaratmaq və eskiz hazırlamaq.
  • Geyimin biçimi, ölçüləri və konstruksiyası üzərində konstruktor, dərzi və digər mütəxəssislərlə birgə işləmək.
  • Hazırlanmış ilk nümunəni qiymətləndirmək və zəruri hallarda dizaynda dəyişikliklər etmək.
  • Moda və dizayn sahəsindəki yenilikləri izləmək və hazırladığı dizaynların təqdimatı üçün müvafiq vizual materiallar hazırlamaq.
02

İşin əhəmiyyəti

Niyə vacibdir?

  • Dizaynerlər müxtəlif iqlim, peşə və bədən tipləri üçün rahat, qoruyucu geyimlər yaratmaqla ehtiyaclara praktiki həll yolları tapırlar.
  • Tarix, mədəniyyət və sosial dəyişikliyi geyimlər vasitəsilə insanlara çatdırır.
03

Bilik və bacarıqlar

Nə bilmək lazımdır?

  • Eskiz çəkmək və dizayn ideyasını vizual şəkildə təqdim etmək bacarığı.
  • Rəng, forma, kompozisiya və insan bədəninin proporsiyaları haqqında biliklər.
  • Parça və digər tekstil materiallarının xüsusiyyətlərini bilmək və dizayna uyğun material seçmək bacarığı.
  • Geyim konstruksiyası, biçim və tikiş prosesləri haqqında əsas biliklər.
  • Müvafiq dizayn proqramlarından istifadə etmək bacarığı.
  • Yaradıcılıq, estetik zövq, müşahidə qabiliyyəti və detallara diqqət.
  • Yenilikləri izləmək, komandada işləmək və ideyalarını təqdim etmək bacarığı.
04

Təhsil imkanları

Haradan başlamaq olar?

Geyim üzrə dizayner olmaq üçün dizayn, moda dizaynı, tekstil və digər əlaqəli istiqamətlər üzrə ali və ya peşə təhsili almaq mümkündür.

Təhsil müddətində tələbələr rəsm və kompozisiya, geyim dizaynı, moda tarixi, rəng nəzəriyyəsi, geyim konstruksiyası, biçim və tikiş texnologiyası kimi istiqamətlər üzrə bilik əldə edirlər.

Peşəkar inkişaf üçün moda və dizayn üzrə əlavə kurslarda, ustad dərslərində və müxtəlif layihələrdə iştirak etmək də faydalıdır.

05

Gələcək imkanlar

Sonra nə olur?

Geyim üzrə dizaynerlər moda evlərində, geyim və tekstil istehsalı müəssisələrində, dizayn studiyalarında və digər yaradıcı sahələrdə fəaliyyət göstərə bilərlər.

Maraq və ixtisaslaşmadan asılı olaraq gündəlik və ziyafət geyimləri, kişi, qadın və uşaq geyimləri, idman geyimləri və ya səhnə kostyumlarının dizaynı kimi istiqamətlərdə ixtisaslaşmaq mümkündür.

Təcrübə artdıqca və portfel inkişaf etdikcə dizayner sərbəst fəaliyyət göstərə, müxtəlif kolleksiyaların hazırlanmasında iştirak edə və ya sahibkarlıq bacarıqlarına malik olduğu halda öz moda markasını yarada bilər.

Peşənin inkişaf yolları

  • Moda evləri, geyim və tekstil istehsalı
  • Dizayn studiyaları və yaradıcı sahələr
  • Kolleksiyaların hazırlanmasında iştirak
  • Sahibkarlıq və öz moda markası
Maraqlı fakt

Bilirdinizmi? Koko Şanelin 1926-cı ildə təqdim etdiyi “kiçik qara don” bu gün modanın klassik elementlərindən biri hesab edilir. Dizayn o qədər təsirli olmuşdu ki, həmin dövrdə Vogue jurnalı onu əlçatanlığı və geniş yayılma potensialına görə avtomobil sənayesinin məşhur “Ford” modeli ilə müqayisə etmişdi.

Mənbə: The Metropolitan Museum of Art, House of Chanel – Dress.