Dənizçi
Dənizçi gəminin təhlükəsiz istismarı, hərəkəti və texniki fəaliyyətinin təmin edilməsində iştirak edən gəmi heyətinin üzvüdür. Dənizçilər tutduqları vəzifədən asılı olaraq gəminin naviqasiyası və idarə olunması, mühərrik və mexaniki qurğuların istismarı, texniki xidmət və digər gəmiçilik işlərini yerinə yetirirlər.
Əsas vəzifələr
Nə iş görür?
- Naviqasiya istiqaməti: gəminin müəyyən edilmiş marşrut üzrə təhlükəsiz hərəkətini və naviqasiyasını təmin etmək.
- Naviqasiya cihazları, dəniz xəritələri və digər məlumatlardan istifadə etməklə gəminin mövqeyini və hərəkət istiqamətini izləmək.
- Gəminin sürətini və istiqamətini hava və dəniz şəraitinə uyğun tənzimləmək.
- Digər gəmilərin hərəkətini müşahidə etmək, yanalma və liman əməliyyatlarında iştirak etmək.
- Fövqəladə və qeyri-standart vəziyyətlərdə müəyyən edilmiş təhlükəsizlik prosedurlarını tətbiq etmək.
- Maşın şöbəsi istiqaməti: əsas və köməkçi mühərriklərin, nasosların, kompressorların və digər mexaniki qurğuların təhlükəsiz və fasiləsiz işinə nəzarət etmək.
- Yanacaq, yağlama və soyutma sistemlərinin texniki vəziyyətini yoxlamaq.
- Mexaniki avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək, texniki xidmət və təmir işlərində iştirak etmək.
İşin əhəmiyyəti
Niyə vacibdir?
- Gəminin çətin hava şəraitində təhlükəsiz hərəkət etməsinə və fövqəladə halların düzgün idarə olunmasına kömək edirlər.
- Naviqasiya, texniki avadanlıqlar və digər sistemlərin düzgün işləməsinə nəzarət etməklə gəminin düzgün idarə olunmasını təmin edirlər.
Bilik və bacarıqlar
Nə bilmək lazımdır?
- Gəminin quruluşu, əsas sistemləri və təhlükəsiz istismarı haqqında bilik.
- Naviqasiya istiqaməti üzrə dəniz naviqasiyası, xəritələr və naviqasiya cihazlarından istifadə bacarığı.
- Maşın şöbəsi istiqaməti üzrə gəmi mühərrikləri, mexaniki qurğular və texniki sistemlər haqqında bilik.
- Texniki sənədlərlə işləmək, avadanlıqların vəziyyətini qiymətləndirmək və təhlükəsizlik prosedurlarını tətbiq etmək bacarığı.
- Operativ qərarvermə və problem həll etmə bacarığı.
- Stressli və fövqəladə vəziyyətlərdə soyuqqanlı davranmaq.
- Komandada işləmək və effektiv ünsiyyət.
- Fiziki və psixoloji dözümlülük, növbəli iş rejiminə uyğunlaşma.
Təhsil imkanları
Haradan başlamaq olar?
Mütəxəssis heyəti: mütəxəssis heyətində, o cümlədən naviqasiya və maşın şöbəsi üzrə fəaliyyət göstərmək üçün müvafiq orta ixtisas və ya ali dənizçilik təhsili tələb olunur. Azərbaycanda bu istiqamətdə təhsil Azərbaycan Dövlət Dəniz Akademiyasında və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində əldə edilə bilər.
Sıravi heyət: sıravi heyət kimi fəaliyyət göstərmək üçün müvafiq peşə hazırlığı və xüsusi hazırlıq kursları keçmək tələb olunur. Sıravi heyətin hazırlığı üzrə təlimlər lisenziyalaşdırılmış və akkreditasiyadan keçmiş təlim-tədris müəssisələrində həyata keçirilməlidir.
Gələcək imkanlar
Sonra nə olur?
Dənizçilər dəniz nəqliyyatı və gəmiçilik sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrdə, o cümlədən yük, sərnişin və digər təyinatlı gəmilərdə işləyə bilərlər.
Təcrübə və ixtisaslaşmadan asılı olaraq dənizçi naviqasiya və ya maşın şöbəsi istiqamətində karyerasını davam etdirə, daha yüksək məsuliyyətli vəzifələrə yüksələ və gəmiçilik sahəsində idarəetmə və texniki istiqamətlər üzrə ixtisaslaşa bilər.
Peşənin inkişaf yolları
- Naviqasiya istiqaməti
- Maşın şöbəsi istiqaməti
- Yük, sərnişin və digər təyinatlı gəmilər
- Gəmiçilikdə idarəetmə və texniki ixtisaslaşma
Bilirdinizmi? Dünya ticarət donanmasına xidmət edən dənizçilərin sayı təxminən 1,89 milyon nəfərdir. Bu mütəxəssislər 74 mindən çox gəmidən ibarət dünya ticarət donanmasının fəaliyyətinin təmin olunmasında mühüm rol oynayırlar.
Mənbə: BIMCO və International Chamber of Shipping (ICS), Seafarer Workforce Report 2021.